QONAQ GETMƏ QAYDALARI
- Nə qədər səmimi olursunuz olun, ziyarət edəcəyiniz insanları əvvəlcədən məlumatlandırmaq lazımdır. Əsas prinsip dəvətsiz qonaq olmamaqdır.
- Ziyarətin – qonaq getməyin qısa və zamanlı (yerində) olmasına çalışmaq lazımdır.
- Görüşmə saatına maksimum dərəcədə riayət etsəniz yaxşı olar.
- Qapını döydükdən sonra qapının düz ağzında deyil, daha geridə – evin içini görə bilməyəcək şəkildə qapının açılmasını gözləyin.
- Təmiz və nizamlı bir şəkildə, mümkünsə bir hədiyyə ilə ziyarət edilməlidir.
- Evə girərkən ev sahibinin yer göstərməsini gözləmək lazımdır və bu zaman ətraf maraqlı şəkildə seyr edilməməlidir.
- Ev sahibi adətən stolun başında əyləşir. Giriş qapısı ilə üzbəüz duran stul stolun başı hesab olunur. Əgər qapı yan tərəfdədirsə, küçəyə istiqamətindəki pəncərəyə baxan stul stolun başı hesab olunur. Ev sahibinin sağ tərəfi birinci, sol tərəfi ikinci hörmətli yer sayılır.
- Stolda oturarkən diqqətiniz ev sahibi və digər qonaqlar üzərində olsun. Hər iki ayağınızı da yerə basın, ayaqlarınızı çarpaz şəkildə açıb-bükməyin.
- Yeməklər ev sahibinin sağ tərəfindən başlayaraq paylanır və qablar oturanın sol tərəfindən yığılır.
- Yemək süfrəsi qurulduğu zaman ev sahibi dəvət etmədən oturmamalı və ev yiyəsi yeməyə başladıqdan sonra yeməyə başlamaq lazımdır.
- Məclisdə adam çoxdursa, yuxarıdakı qayda pozula bilər. Belə ki, 3-4 adama yemək payladıqdan sonra təklif gözləmədən yeməyə başlamaq olar.
- Xüsusi bir pəhriz saxlayırsınızsa, bunu ev sahibinə əvvəlcədən bildirməlisiniz. Beləcə, boşqabda yeyilməmiş (artıq) yemək saxlamazsınız.
- Əgər yemək xidmətini özünüz edəcəksinizsə, əsla boşqabınızı çox doldurmayın. Yeməklə bağlı edəcəyiniz iltifatlarda həddi aşmamağa çalışın.
- Dolu butulkadan içki süzərkən əvvəl öz qədəhinizə bir az süzün. Qonaqların qədəhlərinə içki süzdükdən sonra öz qədəhinizi doldurun.
- Yemək bitdikdən sonra boşqabınızı kənara itələməyin, ev sahibinin tabağınızı götürməsini gözləyin.
- Yeməyi bəyənməsəniz də bunu hal və davranışlarınızla bəlli etməməlisiniz. Qonaq umduğunu yox, tapdığını yeyər və mədəni bir şəkildə ev sahibinə təşəkkür edər.
- Ev sahibi də qonaqlığa gəlmək istəyənləri mümkün olduqca rədd etməməlidir.
- Ev sahibi bütün qonaqlarına eyni dərəcədə yaxınlıq və gülərüz göstərməlidir.
- Ev sahibi evi təmiz saxlamalı və lazım olan hazırlığı etməlidir.
- Qonağın yanında tez-tez saata baxmamalı, sıxıldığını (narahat olduğunu) bəlli edən hal və davranışlardan çəkinməlidir.
- Qonaqlara nə isə təklif edərkən bir-iki dəfədən artıq təkid (israr) edilməməlidir.
- Qonaq ayrılarkən ev sahibi ziyarətdən duyduğu məmnuniyyəti dilə gətirməlidir.
- Qonaqlıqdan ayrılma vaxtı gəlincə mümkün olduğu qədər tez qalxmalı və vidalaşmanı uzatmamalısınız.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.