SALAMLAŞMA
- Qaydaya görə gənclər yaşlını, aşağı vəzifəli yuxarı vəzifəlini, minikdə olan piyadanı, yuxarıda olan aşağıdakını, ayaqüstə olan oturanı, gələn orada olanları, ayrılan ayrıldığı yerdə qalanları salamlamalıdır.
- Qapalı yerlərdə kişi qadına, açıq yerlərdə və cəmiyyət (el) arasında qadın kişiyə salam verməlidir.
- Bir dəvət və ziyarətdə əvvəl ev sahibəsi, sonra ev sahibi, daha sonra digərləri salamlanır.
- Eyni yaşda (təbəqədə) olanlarda ilk salam verən ən nəzakətli sayılır.
- Rəsmi salam verərkən xəfif baş hərəkəti ilə birgə, yerinə görə, «Xoş gəldiniz», «Xoş gördük», «Sabahınız (günortanız, axşamınız) xeyir», «Hər vaxtınız xeyir» «Salaməleyküm», «Gülə-gülə», «Uğurlar» və başqa sözlər işlətmək olar.
- Salamı almaq verməkdən daha vacibdir. Rəsmiyyətdə və ya adi həyatda verilən salam eyni, ya da uyğun tərzdə alınmalıdır. «Xoş gəldin»ə «xoş gördük», «axşamınız xeyir»ə «hər vaxtınız xeyir» və s. deyilməlidir. «Sabahınız xeyir» deyənə «əleykümsalam» deyilməz.
- Rəsmi yerdə üst vəzifəli bir şəxs içəriyə girərsə, alt vəzifəlilər (xanım da olsa) ayağa qalxaraq başları ilə salam verirlər. Ancaq ictimai yerdə üst vəzifəli bir şəxs içəriyə girərsə, alt vəzifəlilərin ayağa qalxmağı lazım deyil; sadəcə başlarını bir az əyərək və üst vəzifəli ilə göz təması quraraq salamlamaları kifayətdir.
- Gün ərzində bir neçə dəfə qarşılaşan insanları hər dəfə salamlamaq lazım deyil. İlk qarşılaşmada salamlamaq və son ayrılışda uğurlamaq kifayətdir.
- İctimai yerlərdə və camaat arasında xanımlar kişinin salamını baş əyərək qarşılıq verirlər. Ancaq kişi yaşlı və ya vəzifəli şəxsdirsə, xanımlar ayağa qalxar kimi edərlər.
- Salamlaşma əsnasında şişirdilmiş danışıq və davranışlardan qaçmaq lazımdır.
- Dövlət böyükləri (prezident, nazir, başçı), xarici dövlət adamları yoldan keçərkən və ya qarşılaşılan hər hansı bir yerdə hörmət ifadəsi olaraq ayaqüstə qürurla salamlanır. Dəfn mərasimlərində cənazə, qaldırılan bayraq, səsləndirilən himn də böyük qürurla ayaqüstə salamlanır.
- Salamlaşma sözlə olduğu kimi baş əymə, əl qaldırma, papaq çıxarma, təzim etmə və s. ilə də ola bilər.
- Salamlanan adamın yanında olanlar salam verəni tanımasalar da salamlanan adamla birlikdə salam almaları nəzakət qaydasıdır.
- Bir qrupu qarşılama əsnasında qrupu qarşılayan şəxs qarşıladığı qrupdakı insanlardan bir qismini tanımaya bilər. Bu kimi vəziyyətlərdə qarşılamağa çıxan şəxsi tanıyan adam yanındakıları qarşılayan insanla tanış etmələri lazımdır.
- Tanış iki nəfərin küçədə qarşılaşmaları halında bir-birilərini salamlamaları, yolu tutmadan bir kənara çəkilərək danışmaları və ya gedə-gedə danışmaları uyğun sayılır.
- Camaat çox (gediş-gəlişin gur olduğu) olan yerlərdə tanışların bir-biri ilə salamlaşmalarına baxmayaraq, tanış olmayanların salamlaşması əsasən mümkün deyil. Ancaq şəhər kənarında, tənha yerlərdə və iş üçün gedilən hər hansı bir yerdə qarşılaşan insanların bir-biri ilə salamlaşmaları yerinə düşər.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.